Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir prezidenti Əbdülfəttah əs-Sisi iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının yenidən qurulmasına dair Birgə Bəyannaməni imzalayıblar.

"Operativ Media" xəbər verir ki, bəyannamədə Türkiyə ilə Misir arasında köklü, ortaq tarixi və mədəni əlaqələrin olduğuna diqqət çəkilərək, Türkiyə Respublikası ilə Misir Ərəb Respublikasının iki ölkənin ortaq maraqlarına xidmət edəcək güclü həmrəylik və əməkdaşlığın inkişaf etdirilməsinə sadiq olduqları bildirilib. Eyni zamanda, ölkələrin öz regionlarında və onun hüdudlarından kənarda sülhü, sabitliyi və firavanlığı təşviq etdiyi, münasibətlərini hər sahədə daha da gücləndirmək əzmində olduqlarını təsdiqlədikləri vurğulanıb.

Müvafiq olaraq, iki ölkənin prezidentləri Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclaslarına həmsədrlik edəcəklər. Şura iki ildən bir növbə ilə Türkiyə və Misirdə toplaşacaq. İşin əlaqələndirilməsi və hər bir görüş üçün gündəliyin hazırlanması iki ölkənin xarici işlər nazirləri tərəfindən həyata keçiriləcək.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasına hazırlıq məqsədilə hər iki ölkənin xarici işlər nazirlərinin həmsədrliyi ilə Birgə Planlaşdırma Qrupunun iclasları keçiriləcək, burada digər aidiyyəti nazirlik və qurumların yüksək vəzifəli şəxsləri bir araya gələcək.

Türkiyə ilə Misir arasındakı razılaşma çərçivəsində siyasi və diplomatik, iqtisadiyyat, ticarət, bank və maliyyə xidmətləri, investisiyalar, nəqliyyat, aviasiya, dənizçilik, turizm, sağlamlıq və əmək, təhlükəsizlik, hərbi və müdafiə sənayesi, terrorizmlə mübarizə, mədəniyyət, təhsil, elm və texnologiya, enerji, mədənçilik, kənd təsərrüfatı, ətraf mühit, meşəçilik, yaşayış və şəhər çevrilməsi, iqlim dəyişikliyi, rabitə və informasiya, konsulluq işləri sahələrində əməkdaşlıq ediləcək.