Tunisdə immiqrantları daşıyan qayığın batması nəticəsində 5 nəfərin həyatını itirdiyi, 7 nəfərin isə itkin düşdüyü bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şafaks Asliye Məhkəməsinin sözçüsü Fevzi əl-Məsmudi Anadolu Agentliyinə (AA) bildirib.

Məlumata görə, ölkənin Şafaks şəhəri sahillərində immiqrantları daşıyan qayıq batıb.

"Gəmidə əksəriyyəti tunisli olan 35 nəfər olub. Onlardan 23-ü xilas edilib, 5 nəfərin cəsədi tapılıb", - Məsmudi qeyd edib.

O, itkin düşən 7 nəfərin axtarışlarının davam etdiyini bildirib.

Qeyd edək ki, hər il minlərlə afrikalı immiqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya keçmək üçün Tunisə gəlir.

Tunisin cənub şəhərlərində məskunlaşan mühacirlər fürsət tapdıqca qayıqla Avropaya keçməyə çalışırlar.

Uzun illər Tunisdə mühacir məhəllələrində yaşayan Sub-Sahara Afrika ölkələrindən olan mühacirlərin bir qismi Avropaya çatmağı bacarır, digərləri isə dənizdə ölür.