"Çin sədri Si Tsinpin ABŞ prezidenti Co Baydenlə ABŞ-nin Kaliforniya ştatında bu yaxınlarda keçirdiyi görüşü zamanı bu ölkə ilə münasibətlərin gələcək inkişafı üçün düzgün istiqamət seçimi hesab edir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Global Times" qəzeti məlumat yayıb.

Nəşr Çin liderinin sözlərindən sitat gətirib: "Tarixi mərhələdə olduğumuz üçün biz birlikdə düzgün seçim etdik. Gələcək nəsillər görüşü belə dəyərləndirəcək".

Çin və ABŞ-nin rəqib sayılmalı olub-olmaması, yoxsa hələ də tərəfdaş kimi qəbul edilməli olduğuna dair suala Tsinpin belə cavab verib: "Bu, fundamental və hərtərəfli sualdır".

Qeyd edək ki, Çin prezidenti ilə Bayden arasında aparılan danışıqlar zamanı tərəflər iki ölkənin hərbi idarələri arasında bərabər əsasda dialoqun bərpası, o cümlədən müdafiə nazirlərinin işgüzar görüşləri, dəniz təhlükəsizliyi məsələləri üzrə məsləhətləşmələr və komandirlər səviyyəsində telefon danışıqları barədə razılığa gəliblər.

Bundan əlavə, iki dövlətin başçıları süni intellekt sahəsində layihələrin təşviqi üçün hökumətlərarası dialoqa başlamaq qərarına gəliblər. Turizm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, o cümlədən hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə birgə proqramların həyata keçirilməsi barədə razılığa gəliblər.