Ərzaq bahalaşmasının ölkədəki şadlıq sarayları və restoranlara təsirləri qaçılmazdır. Bəzi hallarda süni qiymət artımı bu iaşə xidmətlərinə də təsir göstərir. Cari ildən isə şadlıq saraylarında qiymətlərin artımı ilə bağlı anonslar edilir. İqtisadçılar isə hesab edirlər ki, şadlıq saraylarındakı qiymət artımı daha çox obyektiv səbəblərə söykənir.

İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ardıcıl 3 ildir inflyasiyanın səviyyəsi artıb, ərzaq inflaysiyası isə hələ də iki rəqəmli olaraq qalır.

Onun sözlərinə görə, şadlıq saraylarında menyuların tərkibində istifadə olunan əsas xərc hissəsi məhz ərzaq məhsullarıdır. Ekspert söyləyib ki, bu məhsulların qiymətində kəskin artım müşahidə olunur: “Məsələn, bazarda quzu ətinin 1 kiloqramının qiyməti 20 manata təklif edilir. Belə olan halda bu, təbii ki, şadlıq saraylarındakı xidmət göstəricilərini, eləcə də onların təklif etdikləri menyuların qiymətlərinin artmasını qaçılmaz edir. Ümumiyyətlə, şadlıq sarayları Azərbaycanda nadir sahələrdən biridir ki, burada ciddi rəqabət hökm sürür. Təkcə Bakıda onlarla şadlıq sarayı var və onlar arasında sövdələşib qiymət təyin etmək mümkün deyil. Ona görə də burada qiymət artımı daha çox obyektiv səbəblərə söykənir”.

“Həmçinin mikro sahibkarların vergi rüsumlarının 5%-dən 20%-ə qaldırılması məsələsinə gəlincə, şadlıq saraylarında bir çox xidmət sahələrində çalışanlar, məsələn, musiqiçilər, fotoqraflar, ofsiantlar mikro sahibkar kimi qeydiyyatdan keçirlər. Onların vergiləri artdıqda istər-istəməz bu, şadlıq saraylarında qiymətlərə təsir göstərəcək”, - o əlavə edib. 
    
Milli Məclisin deputatı Aqil Abbas isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, şadlıq evlərində menyuların qiymətləri müxtəlif ola bilər.

Onun sözlərinə görə, kimin büdcəsi nəyə imkan verirsə, ona uyğun da restoranı seçə bilər: “Şadlıq evində toy etməyə imkanı çatmayanlar palatkada keçirə bilərlər. Şadlıq evlərinə “qiymətləri azaldın” demək doğru olmaz. Onlar da öz gəlir və xərclərini hesablayıb müəyyən qiymətlər təyin edirlər. Hər gün televiziya kanallarında da şadlıq evləri ilə bağlı reklamlar yayımlanır. İnsanlar televiziyadakı reklamlara baxıb özlərinin büdcələrinə uyğun restoranları seçə və orada da məclislərini keçirə bilərlər. Ucuz şadlıq sarayları da var. Hətta rayonlarda elə şadlıq evləri var ki, aşpazı, musiqiçiləri, ofsiantları toy sahibi özü seçir”.

 

Sadiq Cavadov