Son bir ay ərzində mediada, Bakının orta ümumtəhsil məktəblərində ənənəvi olaraq, tədris müddətini nümunəvi bitirən şagirdlər yox, intihar edən şagirdlər haqqında xəbərlər paylaşıldı. İlk olaraq bütün ölkə gündəmini zəbt edən şagird faciəsi 162 saylı məktəbdə qeydə alındı. 8-ci sinif şagirdi Elina müəllimlərin və sinif yoldaşlarının ona olan sayğısızlığından bezərək, özünü 3-cü mərtəbədən atdı. Ümumtəhsil məktəblərinin bənzər mənzərəsini özündə əks etdirən Elina faciəsi bağlanmamış daha bir hadisə yaşandı. Belə ki, 109 saylı orta məktəbin 5-ci sinif şagirdi H.N (şərti)məktəbdə ona olan təzyiqlərdən səbəbilə evdə atasının dərmanlarını içməklə intihara cəhd edib. Həkimlərin saatlarla göstərdiyi müdaxilə nəticəsində azyaşlının həyatını xilas etmək mümkün olub. Bəs bütün bu olanların səbəbi nədir? Nəyə görə elm və təhsil ocaqlarımız intiharlarla yadda qalır?

Təhsil eksperti Nəbatəli Qulamoğlu məsələ ilə bağlı açıqlama verərkən, orta məktəblərin təlim-tərbiyə prosesin “yox” səviyyədə olmasını vurğulayıb.

“Baş verən hadisələr məktəblərdə bütün aspektlər baxımından mövcud olan qanunsuzluqlarla bağlıdır. Qanunsuzluqlar həm pedaqoji, həm siyasi cəhətdən baş verir. Siyasi cəhətdən odur ki, direktorlara digər işlərlə bağlı tapşırıqlar verilir. Müəllimlərin bir hissəsi buna etiraz edir, böyük əksəriyyəti bunu canla-başla yerinə yetirir. Bu halda müəllimlər arasında konfliktlər yaranır. Ən böyük narazılıq isə dərs bölgüsü ilə bağlı olur. Məktəb direktorları özünə bir neçə havadar götürür, onlara çox dərs saatı verir və pulun bir hissəsini özü alır. Bir sözlə, istisnalarla demək olar ki, bugün Azərbaycan məktəbi tərbiyə verən müəssisədən daha çox, tərbiyəsizlik eliyən müəssisəyə çevrilib”.

İqtisadiyyat.Az-a açıqlama verən təhsil eksperti, pedaqoq Elşən Qafarov Bakı məktəblərində yaşanan xoşagəlməz hallarda Bakı Şəhər Təhsil İdarəsinin faktiki idarəetmə mexanizminin günahkar olduğunu bildirib.

“Baş verən hadisələr təhsildə son illərdə naşı idarəetmənin acı nəticələridir. Əsas da kütləvi kadr dəyişikliyi, o cümlədən, illərlə, aylarla direktor və müavin vəzifələrinin vakant qalması məktəblərdə tərbiyə sistemini tamamilə aradan qaldırıb. Təhsil nazirliyi də vəziyyətə müdaxilə edə bilmir.Məktəblərdə direktor və müavinlərin kütləvi şəkildə dəyişməsi “olan-qopan” nizam-intizam qaydalarını da aradan qaldırdı. Həmçinin məktəblərin idarə olunması üçün hüquqi normativ baza yoxdur.Hər bir rayon təhsil şöbəsində, o cümlədən, Bakı Şəhər Təhsil İdarəsində məktəblərin idarə olunması üçün xüsusi kadrlar var. Bakı Şəhər Təhsil İdarəsində bu şəxslər məsləhətçilər adlanır. Məsləhətçilərin böyük əksəriyyəti məktəblərdə direktoru əvəz edir. Dediyim kimi, elə məktəblər var ki, illərdir müavin vəzifələri vakantdır, direktorları məsləhətçilər əvəz edir. Ona görə də nəzarət sistemi yoxdur”.

Ekspert şagirdlərin təlim-tərbiyəsi ilə bağlı da danışıb: “Şagirdlərlə mənəvi-psixoloji söhbətləri müəllimlər aparmalıdır. Ancaq son zamanlar müəllim adının aşağı salmağa çalışıldığı üçün müəllimlər də bundan imtina etdilər. İndi müəllim şagirdə heç nə deyə bilmir. Deyən kimi də şikayət olunur. Təhsil nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi araşdırmadan müəllimi işdən azad edirlər. Ona görə də müəllimlər təlim-tərbiyə işlərini kənara atıb, özlərini qorumaqla məşğuldurlar”.

Mehman Nəbiyev