Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil İlhamə Həsənova həmkarı Zaur Məmmədovun intihar etməsinə münasibət bildirib.

İqtisadiyyat.az xəbər verir ki, o, Z.Məmmədovu yaxşı tanıdığını və intihar xəbərindən çox məyus olduğunu söyləyib.

Hüquqşünas əminliklə bildirib ki, Z.Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb:

"Əks halda bunu mənə deyərdi. Çünki mənimlə arada zəngləşir, hüquqi məsələlərlə bağlı məsləhətləşirdi və aramızda böyük hörmət var idi. Hər hansı bir problemi  barədə heç bildirməyib. Çox sadə, mərifətli oğlan idi".

İ.Həsənova vurğulayıb ki, mərhum həmkarının sosial şəbəkə hesabında bütün paylaşımları da kollegiyanın tədbirləri barədə olub.

Hətta Zaur Məmmədov sonuncu paylaşımında bugünlərdə Prezident İlham Əliyev tərəfindən təltif edilən həmkarı barədə xəbər yer alıb:

"Allah rəhmət eləsin.Çox sarsılmışam və üzülürəm. Bu bizim üçün ağır itkidir. Zaurun yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Xahiş edirəm ki, mərhum vəkil həmkarımızın ölümü ilə bağlı heç kəs öz fərziyyəsini ictimaiyyətə yaymasın. Bu mərhumun ruhuna hörmətsizlik olar. Biz - onun həmkarları bu hadisənin hərtərəfli, obyektiv araşdırılmasına kömək edəcəyik. İstintaq bu hadisəni mütləq obyektiv araşdıracaq. Buna heç kəsin şübhəsi olmasın".

Qeyd edək ki, vəkil Z.Məmmədov bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə Vəkillər Kollegiyasının qarşısında qeydə alınıb.

Faktla bağlı cinayət işi açılıb.  Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.