Syerra-Leonenin paytaxtının bəzi yerlərində kazarmalara edilmiş hücumdan sonra atəş səsləri eşidilib.

 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Onun məlumatına görə, Fritaunun bəzi ərazilərində yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 16:00) fasiləsiz atəş səsləri eşidilib.

Daxili işlər naziri Devid Taluva “Reuters”ə açıqlayıb ki, arsenala hücum etmiş şəxslər silah-sursatları bitdikdən sonra polis kazarmalarına hücum çəkiblər və onlardan daha çox yaraq götürüblər. Adının çəkilməsini istəməyən hökumət rəsmisi agentliyə deyib ki, paytaxtdakı mərkəzi həbsxanaya həmlə edilib və bəzi məhbuslar qaça bilib.

Xatırladaq ki, daha öncə ölkə Prezidenti Julius Maada Bio kimliyi bəlli olmayan şəxslərin Fritaundakı kazarmaların arsenalına hücumundan sonra bütün ölkə üzrə komendant saatı tətbiq olunduğunu elan edib. O həmçinin Syerra-Leonedə demokratiyanın müdafiəsinə sadiq qalıb və vətəndaşları bu vəzifənin öhdəsindən gəlmək üçün birləşməyə çağırıb.