NATO-nun baş katibi Yens Stoltenberq Avropanın vahid ordusunun yaradılması perspektivini görmür və hesab edir ki, alyans Avropanın təhlükəsizlik ehtiyaclarını ödəyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, "Bild" nəşrinə məlumat verib. 

"Bizim NATO-muz var və NATO Avropa təhlükəsizliyinin təməl daşıdır. Və NATO 75 ildir ki, bütün Avropa müttəfiqlərini qoruyub. Mən tək Şimali Amerikaya və ya tək Avropaya inanmıram, hər kəsə birlikdə inanıram", - Stoltenberq Avropanın vahid ordusunun yaradılması perspektivləri barədə suala cavab verib.

"Aİ-nin NATO-su var. NATO Avropanın NATO müttəfiqlərinin təhlükəsizliyinə zəmanət verən təşkilatdır", - deyə o, Aİ-nin öz ordusuna ehtiyac olmadığını vurğulayıb.

Vahid Avropa ordusunun yaradılması ideyası ən azı son on ildə səslənir. Bu, ABŞ prezidenti postunu Donald Trampın tutduğu dövrdə daha da aktuallaşdı, o, ölkəsinin artıq NATO çərçivəsində Avropanın “müdafiə çətirini” təmin etməyə hazır olmadığını açıq şəkildə bildirirdi.