Dövlətin sosial- iqtisadi siyasətinin əsas hissəsini sosial qrupların rifahının güclənməsi tutur. Bu istiqamətdə görülən işlərə əlillərin reabilitasiya avadanlıqları və əmək fəaliyyəti ilə təmin olunması nümunə göstərmək olar. İlin əvvəlindən ƏƏSMN-nin həyata keçirdiyi “Özünüməşğulluq” proqramı çərçivəsində 600- dək əlil də proqrama cəlb edilib. Həmin şəxslərə bilik və bacarıqları yoxlanıldıqdan sonra istədikləri əmək fəaliyyəti ilə məşğul olmaları üçün lazımi dəstək ediləcək.

İnsan resursları üzrə beynəlxalq dərəcəli ekspert, I qrup gözdən əlil Beybala İbadullayev mövzu barədə İqtisadiyyat.Az-a münasibət bildirərkən, “Özünüməşğulluq” proqramının fəaliyyətini dəstəklədiyini, lakin işlərin bununla bitmədiyini vurğulayıb:

“Sosial rifahın güclənməsi baxımından “Özünüməşğulluq” proqramı yüksək qiymətləndirilə bilər. Həmin proqrama əsasən insanlar dövlət büdcəsindən ünvanlı sosial yardım deyil, öz əməkləri hesabına qazanc əldə etməlidirlər. İlin əvvəlindən 600 əlil də proqrama cəlb olunub və ümid edirik ki, onlara lazımi qaydada dəstək ediləcək. Sözsüz ki, 600 əlilin proqrama cəlb olunması kütləvilik deyil. Bunun üçün məşğulluq idarəsinin peşə tədris mərkəzlərində müəssər olunmuş, inkrustiv tədris planı olmalıdır ki, əmək bazarına əlillər də inteqrasiya edə bilsin. Avropa Birliyi ilə imzalanan müqavilələrdə sosial qrupların, o cümlədən, əlillərin işlə təmin olunması da müzakirə olunur. Ancaq əvvəlcə yol infrastruktur, yaşayış binasında hərəkət, iş tələblərinin əlil işçiyə uyğunlaşdırılması kimi standartlar həyata keçirilməlidir”.

Ekspert, həmçinin DOST mərkəzlərindən də söz açaraq onların fəaliyyətini yüksək qiymətləndirib: “Bu istiqamətdə atılan ən uğurlu addım DOST mərkəzlərinin yaradılmasıdır. DOST mərkəzlərində, məşğulluqla təminetmə, sosial xidmətlər, əlillərin reabilitasiya avadanlıqları ilə təmin olunması və onların sosial ehtiyaclarının öyrənilməsi mövcuddur. DOST mərkəzlərinə böyük ümid edirik. Digər problem də odur ki, İqtisadiyyat nazirliyinin nəzdində keçirilən biznes təlimlərinə əlillərin də qoşulması, şəxsi bizneslərinin qurulması üçün əlavə biliklərin öyrədilməsi mümkünsüz görünür. Ona görə də istərdik ki, sahibkarlar birliyi tərəfindən əlil şəxslər üçün də biznes təlimləri təşkil edilsin”.

Mehman Nəbiyev