90-cı illərdən etibarən Şərqi Avropanın və dünyanın bir çox ölkələrinin siyasi mənzərəsinin dəyişməsində mühüm rol oynayan Açıq Cəmiyyət Fondu və ona bağlı təşkilatların Avropadan çıxacağı açıqlanıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, fondlar tədricən kiçiləcək və 2024-cü ildə Avropada fəaliyyətini tamamilə dayandıracaq.

Qərarın elanı ilə paralel olaraq, Avropada Açıq Cəmiyyətin üç böyük mərkəzi olan London, Berlin və Barselonada ixtisarların başladığı açıqlanıb.

Corc Sorosun yaratdığı fondların Avropanı niyə tərk etdiyi bəlli deyil.

Açıqlamalarda qurumun uzunmüddətli strateji hədəflərində köklü dəyişikliklərin edildiyi, Avropa yerinə dünyanın müxtəlif bölgələrinin diqqət mərkəzində olacağı və bu səbəbdən maliyyə qaynaqlarına ehtiyac duyulduğu vurğulanıb. Ancaq qərarın təzadlı olduğu, Avropa İttifaqı tərəfindən maliyyə vəsaiti ayrıldığı qeyd edilib. 

Bununla belə, şərhçilər Soros fondlarının Avropadan getməsinin arxasında bəzi Avropa ölkələrində və xüsusən də Şərqi Avropada hökumətlər səviyyəsində Açıq Cəmiyyət Fonduna qarşı müxalifətin gücləndiyini də vurğulayırlar.