“Azərbaycanda inflyasiyanın hesablanma metodologiyasında 528 məhsul və xidmətdən istifadə edilir. Bu məhsullar arasında siqaret də var. Çünki, siqaretin qiymətinin qalxması onun istifadəçilərinin sayını azaldır. Bunu DSK və ÜST hesabatları təsdiqləyir. Hazırda isə bu qiymət artımının xüsusi və qeyri-adi bir səbəbi yoxdur. Səbəb sadədir: İnflyasiya”.

İqtisadiyyat.az bildirir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov məlumat verib.

O bildirib ki, 528 məhsulun əksəriyyətinin qiyməti gündəlik və ya həftəlik bir-iki qəpik artığı üçün nəzərə az çarpır. Amma siqaretin qiyməti dövlət tərəfindən tənzimlənməsə də onun artımı gündəlik və ya həftəlik olmur: “Bir müddət daşlaşmış qiymət olur, tərpənməz qalır. Bir 4-5 aydan bir 10 -20 qəpik birdən artır. Bu isə bu günki rezonansı verir. Çünki, həyat üçün ən lazımsız olan siqaret öz aludəçisini əsir saxlayır. Hansı ayda və nə qədər qalxması isə bu sahədəki subyektlərin davranışından asılıdır. Amma illik nəticədə siqaret qiymətlərindəki artım hər zaman ərzaq inflyasından az, qeyri-ərzaq inflyasiyasından çox olur. Bu ildə belə olacağı şübhəsizdir”.

 

 

İqtisadçı deyir ki, il ərzində Azərbaycan təxminən 16 milyon dollardan çox tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edilib: “Amma tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon ABŞ dolları dəyərində pul xərclənib. Yəni tütün və tütün məhsullarına görə bizə gələn gəlirdən 70-75 milyon dollar çox ölkədən vəsait çıxır”.