"Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə təliminə cavab olaraq simulyasiya edilmiş taktiki nüvə zərbəsi ilə raket buraxılışı təlimi keçirib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Agentliyin məlumatına görə, sentyabrın 2-də səhər saatlarında nüvə başlıqlarını imitasiya edən döyüş başlıqlarına malik iki uzaqmənzilli strateji qanadlı raket buraxılıb.

"ABŞ və Koreya Respublikasından olan "quldurlar" tərəfindən son zamanlar nümayiş etdirilən ehtiyatsızlıq və təhlükəli qarşıdurma səylərinin səviyyəsi görünməmiş həddə çatıb", - Pxenyandan bildirilib.

KCNA əlavə edib ki, KXDR-in nüvə qüvvələri "müharibənin qarşısını almaq üçün" nəzərdə tutulan əks tədbirlərlə döyüş hazırlığını hərtərəfli gücləndirməyə, eləcə də regionda sülh və sabitliyi qorumağa davam edəcək.

Qeyd edək ki, bu həftə Koreya Respublikası və ABŞ hərbçiləri “Ulchi Freedom Shield” təlimi çərçivəsində real hərbi sursatlardan istifadə etməklə birgə aviasiya manevrləri həyata keçirib. Təlimlərdə 30-a yaxın təyyarə iştirak edib.