4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi keçirilib. Sərgi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə baş tutub. “İteca Caspian” şirkəti isə təşkilatçı qismində çıxış edib. Həmçinin Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sərgini dəstəkləyiblər. Bu ilki sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim ediblər. Ənənəvi olaraq, Belarus, Bolqarıstan, Çin, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tailand və Çex Respublikası milli stendlər ilə çıxış ediblər.

Bəs əvvəlki illərə nisbətən sərgi istənilən kimi baş tutubmu? Ötən sərgilərə baxdıqda hansı dəyişikliklər nəzərə çarpıb? Mövzu ilə əlaqədar Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə İqtisadiyyat.az-a açıqlama verib.

“Biz Dövlət Turizm Agentliyi olaraq, Azərbaycanda keçirilən bütün turizm tədbirlərinə dəstək oluruq. Bu sərgi 18 ildir ki, keçirilir. Azərbaycanda o vaxtdan əsasən gəlmə turizm yox, getmə turizm olub. İndi bu sərginin məsələsi belədir ki, formalaşan turizm sənayesinin qarşılığında yeni çağırışlar, yeni hədəflər, ölkə rəhbərliyinin tapşırıqları, rəqəmlər (hansı ki, biz gəlib ona çatmalıyıq) və ümumən Azərbaycanda son illərdə gəlmə turizminin inkişafı var. Ona görə də, biz Dövlət Turizm Agentliyi olaraq çox istərdik ki, bu sərgi kimi effektiv mexanizmlər daha çox yeni çağırışlara və fəlsəfəyə uyğunlaşsınlar. Gələcəkdə də fəaliyyətlərini yeni konsepsiya, yeni strategiyaya əsasən qursunlar. Bizim sərgi ilə bağlı fikrimiz belədir”.

Sərginin təşkilatçısı “İteca Caspian” şirkətinin mətbuat xidmətinin rəhbəri Svetlana Hacıyeva İqtisadiyyat.az-a məsələ ilə bağlı açıqlama verərkən bildirib ki, deyilənlərin əksinə olaraq, builki sərgiyə də xarici şirkətlərin böyük marağı olub.

“Əvvəlki illərə nisbətən xarici şirkətlərin sayının azalması baxımından heç bir dəyişiklik yoxdur. Sadəcə regionların, milli povilyonların iştirakı az oldu. Belə ki, regionların və milli povilyonların sayı ötənilki sərgiyə nisbətən 15-ə düşüb. Azalma yalnız bu baxımdan baş verib. Ümumən sərginin gedişatında maraqsız yanaşma kimi hallardan söhbət gedə bilməz”.

Mehman Nəbiyev