İran və Avrasiya İqtisadi Birliyi arasında azad ticarət sazişinin imzalanması ərəfəsində təşkilatın yüksək vəzifəli rəsmisi İranı “mühüm imkanlara açılan pəncərə” kimi xarakterizə edərək, rus iş adamlarını yeni imkanlardan yararlanmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, Avrasiya İqtisadi İttifaqı Komissiyasının ticarət naziri Andrey Slepnyov Moskvanın Rusiya ilə ticarətin genişləndirilməsində maraqlı olan bütün ölkələrlə belə əlaqələri möhkəmləndirmək istədiyini açıqlayıb. Onun sözlərinə görə, İran isə Rusiyanın çox fəal biznes tərəfdaşına çevrilmiş ölkələrdən biridir.

“İran böyük bir ölkə, coğrafi və siyasi baxımdan Rusiyaya yaxın məkandır. İran və Avrasiya İqtisadi Birliyi arasında azad ticarət müqaviləsi tam koordinasiya olunub və tezliklə imzalanacaq. Biz Avrasiya İqtisadi Birliyinin İranla ticarət dövriyyəsinin yaxın bir neçə ildə indiki 6 milyard dollardan 18-20 milyard dollara yüksələcəyinə ümid edirik”, - Slepniov deyib.

Əlaqələrin genişləndirilməsi kontekstində “Sberbank” İrana fiziki və hüquqi şəxslərin, xüsusən də turistlərin istifadə edə biləcəyi pul köçürmə sistemini işə saldığını açıqlayıb. Rəsmi məlumatda rublla olan pul köçürmələrinin İranın “Pasargad” bankına bir faizlik komissiya ilə göndərildiyi bildirilir.

Bir vaxtlar Avropanın ən böyük bankları arasında üçüncü yeri tutan Sberbank, Rusiyanın Ukraynaya qarşı müharibəsinin əvvəlindən Qərbin sanksiyaları altına düşüb. Qərb ölkələrində fəaliyyətinə qadağa qoyulduqdan sonra “Sberbank” hətta bu ilin sonuna kimi BƏƏ-dəki filialını da bağlamalıdır.

Maraqlıdır ki, bu ilin yazda Rusiyanın ikinci ən böyük bankı olan “VTB”-nin İranda nümayəndəliyini açılacağı elan edilsə də, bir az sonra bankın rəhbərliyi İran haqqında daha çox məlumat toplamaq üçün Tehranda cəmi iki işçinin fəaliyyət göstərdiyi ofisin yaradıldığını bildirdi.