"Regional mərkəzlərdən əlavə, altmərkəzlərin də yaradılması nəzərdə tutulur. Altmərkəzlər aralıq rolunu oynayacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.

"Bakının girişləri – Sabunçu, Binəqədi, Lökbatan, Xırdalan, Zığ-Hövsan istiqamətlərinə altmərkəzlərin yaradılması diqqətdədir. Bu mərkəzlərin hər birinin öz funksiyaları olacaq. Bu funksiyalar geniş əhatəlidir, belə ki, Bakının özündə olan funksiyaların əhəmiyyətli bir hissəsi həmin ərazilərdə də olacaq.

 

Əhalinin müəyyən sosial, xidmət, istirahət, əyləncə ehtiyaclarının qarşılanması üçün həmin mərkəzlərdə bütün şərait qurulacaq, məşğulluqla bağlı məsələlərin plansda öz əksini tapmasını düşünmüşük. Bu yanaşmalar imkan verəcək ki, dayanıqlı və tarazlaşmış inkişaf təmin olunsun".