Rusiyanın Qızıl Xaç Cəmiyyətinin Qarabağın erməni sakinləri üçün göndərdiyi bir Tır yük 2 gün Bərdədə gözlədildikdən sonra nəhayət bu səhər Xankəndiyə yola düşüb.

İqtisadiyyat.az xəbər verir ki, yük Azərbaycanın şərtlərinə uyğun olaraq Ağdam-Xankəndi yolundan keçib. 

Separatçılar sosial media hesablarında Xankəndiyə çatmış yük maşınında yer alan məhsulların siyahısını paylaşıblar. 

Siyahıda 1000 ədəd qida səbəti var. Bir səbət 1 ədəd günəbaxan yağı (0,9 l), 1 kq şəkər tozu, 1 ədəd iki kiloluq un, 3 ədəd 500 qramlıq makaron, 1 ədəd 1 kq-lıq qarabaşaq yarması, bir ədəd qablaşdırılmış mal ətindən (tuşonka) ibarətdir. Bir qida səbətinin ümumi çəkisi 11,4 kiloqramdır.

Tırda həmçinin 270 dəst yataq məhsulları da var. Hər dəstdə bir ədəd yastıq, bir ədəd yorğan yerləşdirilib. 

Ruslar separatçılar üçün 200 dəst gigiyena məhsulları da göndəriblər. Bir dəstin içində 3 ədəd diş fırçası, 10 ədəd sabun daxildir.

Yardım tırında uşaqlar da nəzərə alınıb. Ümumilikdə 192 ədəd uşaq məhsulları dəsti var. Bir dəstin içində uşaq qidası, diş fırçası, balıq yağı, uşaq püresi və s. yerləşdirilib. 

Qeyd edək ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazır olduğunu bəyan edib. Bəyanatda qeyd olunur ki, Ağdam-Xankəndi yolundan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımları keçdikdən sonra Laçın yolu Beynəlxalq Qızıl Xaç Komitəsinin yükləri üçün rəsmi prosedurlara riayət etməklə açılacaq.