"Beynəlxalq Ədalət Məhkəməsi ilkin olaraq Qəzzanın dinc əhalisinin iztirablarının miqyasının geniş olmasını qeyd edib ki, bu da soyqırım məsələsinin gündəmə gətirilməsinə haqq qazandırır. Rusiya BMT Təhlükəsizlik Şurası (TŞ) vasitəsilə lazımi addımların atılacağına və proseslərin diplomatik səylərə qayıdışına ümid edir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bir çox gözləntilərin əksinə olaraq, qərarda İsrailin hərbi əməliyyatları dayandırması və Qəzza zolağından qoşunlarını çıxarması tələbi yoxdur. Bununla belə, məhkəmə ilkin olaraq Qəzzanın mülki əhalisinin iztirablarının miqyasının soyqırım məsələsinin gündəmə gəlməsinə haqq qazandırdığını qəbul edib. Bu, Rusiyanın zorakılığın dərhal dayandırılmasının zəruriliyi ilə bağlı mövqeyinin əsaslı olduğunu bir daha təsdiqləyir. O, həm beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına, həm də ümumbəşəri əxlaqa əsaslanır. Biz BMT Təhlükəsizlik Şurası vasitəsilə müvafiq addımlara ümid etməyə davam edirik", - diplomat qeyd edib.