Rusiya Nəqliyyat Nazirliyi və ölkə vilayətlərinin hakimiyyət orqanları Özbəkistanın Əfqanıstandan keçməklə, son nöqtələri Pakistan və Belarus olacaq yeni nəqliyyat dəhlizi yaratmaq planlarını dəstəkləyiblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xidmətin sözlərinə görə, Kazanda Rusiya-Özbəkistan Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində keçirilən panel müzakirəsində iştirakçılar nəqliyyat əlaqələrinin inkişafını müzakirə ediblər: "Görüş iştirakçıları beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə işi davam etdirmək, Belarus-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan-Pakistan marşrutu da daxil olmaqla yeni multimodal marşrutların yaradılması təşəbbüsünü dəstəkləmək barədə razılığa gəliblər".

Bundan əlavə, forum iştirakçıları Avrasiya qitəsinin nəqliyyat sisteminin gücləndirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrinin infrastrukturunun inkişafı sahəsində əlaqələndirilmiş tədbirlər həyata keçirmək niyyətindədirlər.

Qeyd edilib ki, Özbəkistan və Rusiyanın nəqliyyat departamentləri və regional hakimiyyət orqanları qarşılıqlı ticarətin və tranzitin inkişafına yönəlmiş layihələrin milli planlara daxil edilməsinə dair dialoqu davam etdirəcəklər.