Təbii qaz hasil edən ölkələr sırasında olan Özbəkistan hasilat gücünün azalması səbəbindən ilk dəfə olaraq Rusiyadan təbii qaz idxal etməyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Rusiya qazının Qazaxıstan üzərindən Özbəkistana nəqli mərasimində Rusiya prezidenti Vladimir Putin, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan prezidenti Kasım Comərt Tokayev iştirak ediblər.

Mərasimdə çıxış edən Putin, sözügedən daşımaların üç ölkə arasında əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb: "İnanıram ki, ölkələrimizin strateji tərəfdaşlığı bundan sonra da inkişaf edəcək və xalqımıza konkret nəticələr verəcək".

Rusiyanın “Qazprom” enerji şirkəti ilə imzalanan müqaviləyə əsasən, Özbəkistan iki il ərzində Rusiyadan gündəlik 7 milyon kubmetr təbii qaz idxal edəcək.