"Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı təxminən 170 min nəfər artırılır". 

İqtisadiyyat.az xəbər verir ki, sözügedən sənəd Kremlin saytında dərc olunub və imzalandığı gündən qüvvəyə minib.

Belə ki, sənədə əsasən, silahlı qüvvələrin ştat səviyyəsi 2 milyon 209 min 130 nəfər, o cümlədən 1 milyon 320 min nəfər hərbi qulluqçu müəyyən edilib. Əvvəlki fərmanda bu rəqəm 2 milyon 39 min 758 nəfər, o cümlədən 1 milyon 150 min 628 nəfər hərbi qulluqçu olub.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin sayının artırılması haqqında prezidentin fərmanı ilə əlaqədar səfərbərlik üçün heç bir müddəa yoxdur. Artım müqaviləli əsgərlər hesabına mərhələlərlə həyata keçirilir", - sözügedən fərmanla bağlı Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumatda qeyd edilib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayının artırılması müqavilə əsasında hərbi xidmət keçmək arzusunu ifadə edən vətəndaşların hesabına mərhələli şəkildə həyata keçirilir. Vətəndaşların məcburi hərbi xidmətə cəlb edilməsi, səfərbərlik nəzərdə tutulmur.