Rumıniya Hərbi Dəniz Qüvvələri aprelin 8-21-də "Sea Shield 24" çoxmillətli təlimini keçirəcək və bu təlimdə Rumıniya ilə yanaşı, 12 NATO və tərəfdaş ölkənin (Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Hollandiya, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa) əsgərləri iştirak edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Qara dənizdə, sahil zonasında, Dunayda və onun deltasında 2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika (27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 nəqliyyat vasitəsi və su gəmisi) hazırlanacaq. Dənizdə və çayda qanunsuz hərəkətlərlə mübarizə, dəniz və çaylara nəzarət, dənizdə axtarış-xilasetmə, qəza vəziyyətində olan gəmilərə köməklik göstərilməsi və kritik infrastruktur səviyyəsində təhlükəsizliyin təmin edilməsi üzrə tapşırıqlar veriləcək", - deyə məlumatda bildirilir.

Sözügedən dəniz təlimi ilk dəfə 2015-ci ildə keçirilib və təlimin ssenarisi regional təhlükəsizlik və sabitliyə bütün təhdidlərə tez və effektiv cavab vermək üçün davamlı olaraq yenilənir.