"İranın 60%-ə qədər zənginləşdirilmiş uranı var ki, bu miqdar sonrakı zənginləşdirmə ilə üç atom bombası yaratmaq üçün kifayət edər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məxfi hesabatına istinadən məlumat yayıb.

MAQATE-nin təsnifatına görə, silah istehsal etmək üçün uranın 90%-ə qədər zənginləşdirilməsi lazımdır və atom bombası üçün təxminən 42 kq material nəzəri cəhətdən kifayətdir.

Reuters agentliyinin məlumatına görə, bu ilin sentyabrından İranda 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları 128,3 kiloqrama yüksəlib.

Bundan əvvəl İran prezidenti İbrahim Rəisi bildirib ki, İran tərəfi bəzi Avropa ölkələrinin İslam Respublikasının nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərini pozmasına cavab olaraq uranı 60% və daha çox zənginləşdirir. Rəisinin sözlərinə görə, Tehran bu hərəkətlərin nüvə silahı əldə etmək məqsədi daşımadığını rəsmən bəyan edib.

JCPOA 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün İranla imzalanıb. Sənəd Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq öhdəliyi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu. ABŞ-nin əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Co Bayden Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu dəfələrlə bəyan edib.