ABŞ yüksək hazırlıq vəziyyətindədir və İsrailin İranın Suriyadakı səfirliyinə hücumuna cavab olaraq bölgədəki İsrail və ya Amerika obyektlərinə İranın mümkün hücumuna hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi CNN-in gələn həftə hücumun baş verə biləcəyinə dair xəbərini təsdiqləyib: "Biz mütləq yüksək hazırlıq vəziyyətindəyik".

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden cümə axşamı İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığında İran təhlükəsini müzakirə edib.

"O vaxtdan bəri komandalarımız müntəzəm və davamlı əlaqə saxlayırlar. Birləşmiş Ştatlar İsrailin İran təhdidlərinə qarşı müdafiəsini tam dəstəkləyir", - deyə Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.