Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Gəncədə “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” mövzusunda üç günlük seminar-treninq keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölməsinin rəhbəri Həsən Məmmədov çıxışında seminar-treninq çərçivəsində ekspertlər tərəfindən müxtəlif mövzularda mühazirə və diskussiyaların təşkil olunacağını, şəhər ərazindəki tarixi-mədəni abidələrin ziyarət ediləcəyini, intellektual yarışların, eləcə də digər tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Mənəvi dəyərlərin təbliği şöbəsinin müdiri Rəşid Paşalı isə bildirib ki, gənclər arasında milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən seminar-treninqdə Gəncə şəhəri ilə yanaşı, Goranboy, Naftalan, Samux və Göygöl rayonlarından, ümumilikdə, 60 gəncin iştirakı nəzərdə tutulub.

Açılış mərasimində Fondun maliyyə dəstəyi ilə hazırlanmış "Heydər Əliyev və Azərbaycançılıq" filmi də nümayiş olunub.