Şənbə günü səhər ölkənin paytaxtında həbsxanadan qaçan keçmiş Qvineya prezidenti Mussa Dadis Kamara tutularaq həbsxanaya qaytarılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun informasiya departamentinin rəhbəri Ansuma Tumani Kamara "Agence France-Presse"ə bildirib.

Ordu sözçüsü baş verənlərlə bağlı heç bir təfərrüat vermədən bildirib: "Kapitan Mussa Dadis Kamara sağ-salamat tapıldı və həbsxanaya qaytarıldı".

Səhər tezdən xüsusi təyinatlı dəstə paytaxtın ən böyük həbsxanasının ərazisinə soxularaq Kamara və daha iki nəfərin qaçmasını təmin edib. Hücum şiddətli atışma ilə müşayiət olunub. Şəhər mərkəzi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, Mussa Dadis Kamara və onun bir neçə tərəfdarı müxalifət üzvlərinin qətlinə görə həbs edilib.

2008-ci ilin dekabrında Kapitan Kamara Qvineyada hərbi çevrilişə rəhbərlik edib və prezident elan edilib. 2009-cu ilin sentyabrında paytaxt Konakridə bir stadionda hökumət əleyhinə nümayişdə iştirak edən 156 nəfər öldürülüb. Həmin ilin dekabrında Kamaranın həyatına qəsd edilib, o, ağır xəsarətlərlə Mərakeşdəki xəstəxanaya aparılıb. 2010-cu ilin yanvarında Qvineyadan kənarda olarkən Kamara ölkəni idarə etməkdən imtina etdiyini və vətəninə qayıtmayacağını elan edib.

Lakin sentyabrın 25-də o, gözlənilmədən Qvineyaya gəlib, onun və hökumətinin 11 üzvünün məhkəməsində iştirak edəcəyini bildirib. Kamara hələ də paytaxt stadionunda törədilən qətldə günahsız olduğunu və əli olmamasını bildirir.