BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bəzi əməkdaşlarına qarşı HƏMAS ilə əlaqəsi olduğu iddialarından sonra BMT təcili tədbirlər görür.

İqtisadiyyat.az xəbər verir ki, bunu dünya təşkilatının baş katibi Antonio Quterreş deyib.

"Birləşmiş Millətlər Təşkilatı UNRWA-nın bir neçə əməkdaşına qarşı səslənən son dərəcə ciddi ittihamlardan sonra təcili tədbirlər görür. BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsi (OIOS) dərhal araşdırmaya başlayıb", - baş katib bəyanatda bildirib.

Quterreş qeyd edib ki, bu insidentdə iştirak edən 12 nəfərdən 1-i ölüb, 9-nun şəxsiyyəti müəyyən edilərək işdən çıxarılıb.

"Terror aktlarında iştirak edən istənilən BMT əməkdaşı cinayət təqibi də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq", - o vurğulayıb.

Eyni zamanda, baş katib Qəzza zolağında 2 milyon mülki vətəndaşın UNRWA-nın kritik yardımından asılı olduğuna diqqət çəkib: "Maliyyələşdirməni dayandıran ölkələrin narahatlıqlarını başa düşsəm də, mən özüm bu ittihamlardan dəhşətə gəldim, töhfələrini dayandıran hökumətləri heç olmasa UNRWA əməliyyatlarının davamlılığına zəmanət verməyə çağırıram".