Qubada ətraf mühitin çirkləndirilməsinə görə bələdiyyə sədrləri cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan İqtisadiyyat.az-a məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun 1-ci Nügədi, Ağbil, Rustov və Təngəaltı kəndləri ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə hər dörd kəndin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.