Oktyabr ayında İsrail-HƏMAS münaqişəsi səbəbindən qlobal müdafiə və aerokosmik şirkətlərin səhmləri artıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, ötən ay İsrail və HƏMAS qruplaşması arasında başlayan müharibə fonunda müdafiə sənayesi ehtiyatlarında ümumi artım tendensiyası müşahidə olunub.

Xüsusilə, Yaxın Şərqdə münaqişələrin genişlənəcəyi və digər dövlətlərin də müharibəyə qoşula biləcəyi ilə bağlı narahatlıqlar ön plana çıxıb. Analitiklər, keçən ay müdafiə və aerokosmik şirkətlərin səhmlərinin artımına ABŞ-də yerləşən şirkətlərin rəhbərlik etdiyini vurğulayıblar.

​Oktyabr ayında fond bazarlarında ABŞ şirkətləri arasında yer alan "RTX Corporation" 13,1%, "Lockheed Martin" 11,2% , "General Dynamics" 9,2%, "Northrop Grumman" 7,1%, "L3Harris Technologies" 3% dəyər qazanıb.

"Lockheed Martin"in gəliri bu ilin üçüncü rübündə 2% artaraq 16,9 milyard dollara çatıb. "General Dynamics"in üçüncü rübdə səhm üzrə mənfəəti də gözləntiləri üstələyərək 3,04 dollar təşkil edib.

Oktyabrda Almaniyanın avtomobil hissələri istehsalçısı və müdafiə şirkəti "Rheinmetall AG" 10,9%, Britaniyanın "BAE Systems" şirkəti isə 10,6% dəyər qazanıb.

 

Gözəl Həşimova