Ötən gecə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi avtomobil qəzasının təhlükəsizlik kamerasına düşən görüntüləri bir sualı aktual edib: Bir nəfərin həyatını itirdiyi yol-nəqliyyat hadisəsinə görə N.Şakirlini hansı cəza gözləyir? 

Ümumiyyətlə, yol qəzasında sürücü günahkardırsa, onu hansı halda nə kimi cəzalar gözləyə bilər?

 

 

Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, qəza törədən şəxsin cəzası bir sıra nüanslara əsasən yüngülləşdirilə bilər:

"Öncəliklə yol-nəqliyyat hadisəsi törədən şəxsin sərxoş olub-olmamasını aşkarlamaq lazımdır. Əgər  sürücü sərxoş olduğu halda insan ölümünə və xəsarət almasına səbəbkar olubsa, bu halda sürücülük hüququndan məhrum edilir və eyni zamanda 5 ildən 8 ilə qədər azadlıqdan məhrum oluna bilər. Əgər qəza törədən şəxs sərxoş olmayıbsa, 3 il sürücülük hüququndan məhrum edilməklə 2 ildən 6 ilə qədər həbs oluna bilər. Əgər şəxsə 5 ildən artıq cəza verilirsə, o, ümumi tipli cəzaçəkmə müəssisəsinə yerləşdirilir. 5 ildən az cəza verildikdə isə şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkir. 

Ehtiyatsızlıqdan baş verən cinayətlər kateqoriyasına daxil olan hadisələrdə məhkəmənin nə qədər iş verəcəyi, azadlıqdan məhrumetmə cəzası verib-verməyəcəyi önəmli faktorlardır. Bu məsələdə qarşı tərəfin, yəni zərərçəkənin şikayətçi olmaması işi yüngülləşdirən haldır. Şəxsin hər hansısa xəsarət alıb-almaması işin yüngülləşdirilməsinə təsir etmir". 

Qeyd edək ki, ötən gecə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli Heydər Əliyev prospektində idarəetməni itirərək "Porsche" markalı avtomobilini yük maşınına çırpıb. Qəza nəticəsində 1 nəfər ölüb. Bloqer Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu, 23 yaşlı Fəxri Rüstəmov sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdiriliblər. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.​​​​​

Gülşən Şərif