Artıq bir neçə aydır ki, dünya neft bazarında qiymətlərin artdığını müşahidə edirik. Buna səbəb isə “OPEC+” ölkələrinin gündəlik hasilatı azaltması, İran və Venesuelaya qarşı tətbiq olunan sanksiyalar idi. Dünyanın neft analitikləri də bu faktı təsdiqləyərək, növbəti bahalaşmanın may ayından sonra olacağını bildirmişdilər. Belə ki, ABŞ irandan neft idxal edən 8 ölkəyə mayın 2-ə qədər idxal üçün güzəşt müddəti vermişdi. Ekspertlər bu müddətin ləğv olunacağı təqdirdə dünya neft bazarında qiymətin daha da artacağını proqnozlaşdırırdılar. Mayın 1-də ABŞ-ın xarici işlər naziri Mayk Pompeo çıxış edərək təyin olunan güzəşt qərarının ləğv olunduğunu açıq elan etmişdi. Bu andan etibarən heç bir ölkə İrandan neft idxal etməməli idi və hansı ölkə həmin ölkədən idxalı davam etdirərdisə ABŞ-ın hərtərəfli sanksiyaları ilə üzləşəcəkdi. Düzdür ABŞ xarici işlər nazirinin bu çıxışından dərhal sonra dünya neft bazarlarında neftin qiyməti 75 dollara qədər qalxdı. Ancaq son iki gündür ki, Brent markalı neftin qiyməti 70 dollardan aşağı həddə düşüb. Ekspertlər isə qiymət artımının 80 dollara qədər davam edəcəyini, sonradan nisbətən ucuzlaşmanın olacağını proqnozlaşdırırdılar.

Bəs görəsən neftin qəflətən 70 dollardan aşağı səviyyəyə düşməsi dünya neft bazarında gedən hansı proseslərin nəticəsidir? Enerji Araşdırmalar Mərkəzinin direktoru, ekspert İlham Şaban mövzu ilə bağlı İqtisadiyyat.Az-a danışarkən ucuzlaşmanın ABŞ-ın Enerji İnformasiya Administrasiyasının hesabatından sonra baş verdiyini bildirib.

“Ötən həftə ABŞ-ın Enerji İnformasiya Administrasiyası ölkənin neft ehtiyaları ilə bağlı hesabat verdi. Bu hesabatın nəticəsi də əvvəl verilən proqnozlarla üst-üstə düşmədi. Yəni, neft ehtiyatları 4.7 milyon barel artıma doğru getmişdi. Ancaq əvvəl əsasən də “Plat” agentliyinin analitikləri belə güman edirdilər ki, maksimum artım 2 milyon barel təşkil edəcək. İkinci bir tərəfdən ABŞ-da neftlə yanaşı, benzinin ehtiyatları da artmış oldu. Bu göstəricilər dünya neft bazarında 2 sessiya neftin qiymətlərinin kəskin ucuzlaşmasına gətirib çıxardı”.

Ucuzlaşmanın nə qədər davam edəcəyinə gəldikdə isə ekspert bunları deyib: “Ötən həftənin əvvəli Fars körfəzində gərginliyin artması ilə əlaqədar qiymətlərin artacağı deyilirdi. Körfəzdə gedən proseslərin, vəziyyəti siyasi və hərbi münaqişələrə aparacağı barədə məlumatlar yayılırdı. Ancaq bu vəziyyət hazırda nisbətən səngiyib. Məlumdur ki, Brent markalı neftin qiymətində ucuzlaşma iki gün davam etdi və 67 dollara qədər ucuzlaşdı. Ancaq bugün artım müşahidə edirik. 68.39 və 68.35 dollar civarında qiymətlər dəyişir. Qiymətlər, gələcəkdə ABŞ-ın həftəlik neft ehtiyatlarının miqdarı, həmçinin ABŞ və Çin arasında gedən ticarət müharibəsindən də asılı olaraq dəyişə bilər.”.

Mehman Nəbiyev