"Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti Rusiya qazını almaqda davam edir". 

İqtisadiyyat.az "Kommersant"a istinadən xəbər verir ki, bunu "Qazprom"un rəhbəri Aleksey Miller deyib.

Onun sözlərinə görə, enerji resursları hətta imtina etdiklərini açıqlayan ölkələr tərəfindən də alınmaqda davam edir: "Təchizat Baumqarten (Avstriya) paylayıcı qovşağı vasitəsilə həyata keçirilir, qaz ora qədər "Suja" kompressor stansiyası vasitəsilə Ukrayna ərazisindən keçərək gedir".

"Əslində heç bir rəqəmi qeyd etmək istəməzdim. Niyə? Çünki magistral qaz kəmərindəki molekulların milli koloriti yoxdur", - deyə Miller bildirib. O vurğulayıb ki, yanacaqdan hətta Rusiya qazından rəsmən imtina etdiklərini elan edən ölkələr də istifadə edir.

Miller qeyd edib ki, Rusiya qazı Aİ-nin cənub və cənub-şərq hissələrinə əvvəlki razılaşmalara uyğun olaraq verilir.