Qazaxıstan Rusiyadan taxılın ölkəyə qeyri-qanuni girişinin qarşısını almaq üçün quru yolu ilə taxıl idxalına qoyulan qadağanı daha 6 ay uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi qərar qəbul edib. 

Qurumlararası görüşdə iştirakçılar aprelin 10-da taxılın quru yolu ilə idxalına qoyulan qadağanın bəzi istisnalarla daha 6 ay uzadılması barədə razılığa gəliblər.

Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən taxılın ölkəyə daxil olmasının qarşısının alınması üçün qəbul edilən qərar çərçivəsində bu dəfə təkcə qurudan deyil, dəmir yolu ilə də taxıl idxalına qadağa qoyulacaq.

Qazaxıstan mətbuatında çıxan xəbərlərdə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən Rusiya taxılının üçüncü ölkələrə, xüsusilə Özbəkistan, Əfqanıstan və Tacikistana ucuz satıldığı bildirilirdi. Bu vəziyyətin Rusiya kimi taxıl ixracatçısı olan Qazaxıstanda daxili istehsala və daxili bazara mənfi təsir göstərdiyi, iqtisadiyyata ziyan vurduğu qeyd edilib.