Artıq 2 aydır ki, ölkədə smart tipli sayğacların dövriyyədən çıxarılması və mexaniki sayğaclarla əvəzlənməsi prosesi davam edir.

Smart tipli sayğacların 27 il istifadəsi mümkün olsa da, bu sayğacların tez-tez dəyişdirilməsi vətəndaşların narazılığına səbəb olur. Hətta əksər vətəndaşlar "Azəriqaz"a gedərək öz şikayətlərini dilə gətiriblər. 

Maraqlıdır ki, smart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsinin səbəbi nədir?

 

Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, mexaniki sayğacların quraşdırılması prosesi davam edəcək:

"Bir müddətdir ki, daha modern və yeni sayğacların quraşdırılması prosesi başlayıb.  Qeyd edim ki, bu sayğaclara xüsusi qurğular quraşdırılacaq. Quraşdırılan yeni nəsil sayğaclar “Azəriqaz” İB-nin öz maddi hesabına həyata keçirilir. Sayğaca quraşdırılan əlavə qurğu vasitəsilə mərkəzləşdirilmiş sistem yaradılacaq. Yeni quraşdırılan mexaniki elektron tipli sayğaclar vasitəsilə sərfiyyat kənardan görünəcək, klapan vasitəsilə borclu abonentlərin qazı mərkəzdən açılıb bağlanacaq. Həmin sayğaclar onlayn rejimdə işləyəcək. 

Abonent onlayn ödəniş edə biləcək. Həmçinin abonentə istifadə etdiyi qaz sərfiyyatına görə sms-bildiriş gələcək və həmin bildiriş gələn gündən sonra abonentə bir ay vaxt veriləcək. Bir ay müddətinə qədər həmin abonentin qazı kəsilməyəcək. Bir aydan sonra abonent borcunu ödəməsə, onun qazı avtomatik kəsiləcək".

Qurum rəsmisi bildirib ki, köhnə sayğacın istifadəsi zamanı yazılan borc isə silinməyəcək. Çünki həmin vəsait dövlətə məxsusdur. "Azəriqaz"ın hansısa borcu silmək kimi hüququ yoxdur.