Rusiya prezidenti Vladimir Putin Koreyanın Yaponiya işğalından azad edilməsinin ildönümü münasibətilə Şimali Koreya lideri Kim Çen Inə teleqram göndərib.

İqtisadiyyat.az bu barədə dünya mediasına istinadən bildirir.

“Bu bayram ölkənizin yapon müstəmləkəçiliyindən azad edilməsi uğrunda birgə vuruşmuş Qırmızı Ordu əsgərlərinin və koreyalı vətənpərvərlərin şücaət və qəhrəmanlığının rəmzidir. Məhz həmin sərt müharibə dövründə dostluq və əməkdaşlıq ənənələrinin əsası qoyuldu ki, bu da Rusiya Federasiyası ilə KXDR arasında mehriban qonşuluq münasibətlərinin inkişafı üçün etibarlı əsas oldu”, - deyə teleqramda deyilir.

Vladimir Putin əlavə edib ki, o, gələcəkdə Rusiya ilə KXDR arasında bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını davam etdirəcəyinə əmindir.

Qeyd edək ki, 15 avqust Şimali Koreya və Cənubi Koreyada Yapon işğalından qurtuluş günüdür. Yaponiya 1945-ci ildə İkinci Dünya Müharibəsində təslim olduğu gün Koreyanı müstəmləkəçilikdən azad etdi.