Azərbaycanda artıq ikinci dəfədir ki, Peşələr Festivalı keçirilir. Ötən il 10 şəhər və rayonda 10 peşə üzrə keçirilən festivala 25 mindən çox şəxsin qatıldığı tədbir gənclər arasında böyük marağa səbəb olmuşdu. Bəs görəsən, bu il Peşələr Festivalına maraq hansı səviyyədədir? 

Dövlət Məşğulluq Agentliyindən İqtisadiyyat.az-ın sorğusuna verilən məlumata görə, bu dəfəki festival  “Peşəni peşəkardan soruş!” devizi altında həyata keçirilir.

Qeyd edilib ki, festivalın əsas məqsədi düzgün peşə seçiminə dair məlumatlılığın artırılması, eləcə də iştirakçılarda peşələr barədə əyani təsəvvürlər yaratmaqdır. Ötən il keçirilən festival məktəbliləri əmək bazarında ən çox tələb edilən peşələrlə əyani tanış etməklə yanaşı, Agentliyin yeni innovativ xidmətləri barədə də məlumatlandırma məqsədi daşıyırdı. Gənclərin, valideynlərin, xüsusilə məktəblilərin Festivala və peşələrə olan böyük marağı tədbirin bu il də keçirilməsi üçün zəmin yaratdı. Artıq 2 rayonda – Quba və İsmayıllıda festival öz işini uğurla tamamlayıb. Statistik nəticələr də bunu deməyə əsas verir ki regionlarda festivala maraq kifayət qədər yüksəkdir. Hər tədbiri ayrılıqda 3000-dən çox vətəndaş ziyarət edib. 

Maraqlıdır ki, təqdim olunan peşələrdən hansına daha çox maraq var?

Bildirilib ki, bu ilki Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ\UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf\videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilir. Müşahidələrə əsasən robototexnika, qrafiq dizayn, aşpaz, dərzi, barista peşələrinin olduğu stendlər iştirakçıların xüsusi diqqətini çəkir. Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 14 peşə haqqında maarifləndirici tədbirlər həyata keçiriləcək.

Qarşıdakı dövrlərdə də Peşələr Festivalının keçirilməsinə gəlincə, Agentlik festivalın ildə bir dəfə olmaqla keçirilməsini nəzərdə tutur. Hər dəfə əmək bazarının tələblərinə uyğun olaraq peşələr yenilənir, Festivalın keçiriləcəyi rayonlar dəyişdirilir.  

İqtisadiyyat.az ümumilikdə bu il festival üçün təyin olunan rayon və şəhərləri təqdim edir:

•    Quba – 28 oktyabr
•    İsmayıllı – 30 oktyabr
•    Zaqatala – 1 noyabr
•    Şəmkir – 3 noyabr
•    Salyan – 5 noyabr
•    Ordubad – 9 noyabr
•    Naxçıvan – 11 noyabr
•    Cəlilabad – 14 noyabr
•    Sabirabad – 16 noyabr
•    Bakı – 18 noyabr

 

Gülşən Şərif