ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Vaşinqtonun Kiyevə 100 milyon dollar məbləğində əlavə hərbi yardım paketi ayıracağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ hərbi departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxil olacaq: "100 milyon dollarlıq yardım paketinə Stinger yer-hava raketləri, bir HIMARS reaktiv yaylım atəşi sistemi və əlavə döyüş sursatları daxildir: 155 mm və 105 mm artilleriya mərmiləri, TOW optik idarə olunan raket sistemləri, Javelin və AT-4 tank əleyhinə sistemlər".

Vaşinqton həmçinin Kiyevə 3 milyondan çox atıcı silah sursatları, maneələri aşmaq üçün döyüş sursatları, soyuq hava şəraiti üçün avadanlıq, ehtiyat hissələri, texniki xidmət ləvazimatları və digər yardımçı avadanlıqlar göndərir.

Paketin bir hissəsi kimi Ukraynaya əvvəlki maliyyə illərində təhvil verilməsinə icazə verilmiş silahların tədarük ediləcəyi dəqiqləşib.

ABŞ dövlət katibi Antoni Blinken qeyd edib ki, yeni hərbi yardım paketi Ukraynanın təcili ehtiyaclarını ödəməyə kömək edəcək. Eyni zamanda, Amerika xarici siyasət departamentinin rəhbəri ABŞ Konqresini Kiyevə dəstək üçün əlavə tədbirlər görməyə, ilk növbədə ABŞ prezidenti Co Baydenin əlavə büdcə ayırmaları tələbini təsdiqləməyə çağırıb.