"Gələn il üçün pensiya artımı hər kəs üçün nəzərdə tutulub".

Bunu İqtisadiyyat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, sadəcə bu artım faiz dərəcəsinə görə fərqlənir: 

"Yanvarın 1-dən etibarən kateqoriyasından asılı olmayaraq, hər bir vətəndaşın pensiyası orta hesabla 11-12 faiz artacaq. Yanvar-sentyabr aylarında bu faiz dərəcəsinin məbləği daha dəqiq müəyyən olunacaq. Belə ki, dəqiq rəqəm muzdlu işçilərin orta aylıq əmək haqqının artım faizinə əsasən götürülür. İstənilən halda bütün pensiyaçıların təqaüdü artırılacaq".

X.Kərimli əlavə edib ki, pensiya və sosial müavinətlərə görə vətəndaşlardan heç bir vergi tutulmur.

Qeyd edək ki, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq - 516 manata çatması proqnozlaşdırılır. Bundan başqa, əlilliyə görə pensiyanın orta aylıq məbləği cari ilin sonuna gözlənilən 367 manatdan 410 manata yüksələcək. Eyni zamanda, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləği cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksələcək. 

2024-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 181,6 milyon manat vəsait nəzərdə tutulub. Bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 6,6 faiz, yaxud 11,2 milyon manat çoxdur

 

Gülşən Şərif