"Çin prezidenti Si Tsinpin ABŞ prezidenti Co Baydenlə görüşdə Çin-ABŞ münasibətləri üçün strateji əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat verib.

Qeyd edilib ki, Si Tsinpin noyabrın 14-dən 17-dək ABŞ-yə səfər edəcək, burada görüş keçirəcək, həmçinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcək.

"İki dövlət başçısı Çin-ABŞ münasibətlərinin formalaşması üçün strateji, hərtərəfli və fundamental əhəmiyyət kəsb edən məsələlər, eləcə də dünyada sülh və inkişaf ilə bağlı əsas məsələlər üzrə dərin ünsiyyət quracaq", - Çin Xarici İşlər Nazirliyi bildirib.

O xatırladıb ki, bu görüş, keçən il İndoneziyanın Bali adasında keçirilən G20 sammiti öncəsi görüşdən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.

*** 18:30

Çin sədri Si Tsinpin noyabrın 14-dən 17-dək ABŞ-yə səfər edəcək, burada ABŞ prezidenti Co Baydenlə görüşəcək və həmçinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

"ABŞ prezidenti Co Baydenin dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Tsinpin noyabrın 14-dən 17-dək San-Fransiskoya (ABŞ) səfər edəcək və burada ABŞ prezidenti ilə görüşəcək", - Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bundan əvvəl "Axios" portalı mənbələrinə istinadən xəbər vermişdi ki, Bayden və Si Tsinpin APEC sammiti ərəfəsində iki ölkənin hərbi idarələri arasında əlaqələrin bərpasını elan etmək niyyətindədirlər. Nəşrin sözlərinə görə, Çinin xarici işlər naziri Vanq Yi Vaşinqtona son səfəri zamanı açıq şəkildə bildirib ki, Çin bu kommunikasiya kanallarını bərpa etməyə hazırdır. Portalın qeyd etdiyi kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının o vaxtkı sədri Nensi Pelosinin Tayvana səfərinə etiraz olaraq Çinin 2022-ci ildə fəaliyyətini dayandırdığı bu kanalların işinin bərpası Ağ Evin əsas prioritetlərindən biridir.