Prezidentlərin başçılıq etdiyi Özbəkistan və Rusiya nümayəndə heyətləri dar və geniş tərkibdə danışıqlar zamanı Özbəkistan-Rusiya münasibətlərinin bütün məsələlərini müzakirə edib, ikitərəfli əməkdaşlığın inkişafı üzrə əsas vəzifələri müəyyən ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya-Özbəkistan danışıqlarının yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

"Biz Özbəkistan-Rusiya münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik məsələlərinin bütün spektrini müzakirə etdik, ikitərəfli əməkdaşlığın inkişafı üçün konkret planları müəyyən etdik və əsas vəzifələri müəyyənləşdirdik. Çoxşaxəli qarşılıqlı fəaliyyətimizin bütün sahələrində əldə olunan dinamika və tərəqqidən böyük məmnunluq duyuruq", - deyə Özbəkistan lideri bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər son illərdə sabit müsbət dinamika nümayiş etdirən ticarət-iqtisadi və investisiya əməkdaşlığının qurulmasına xüsusi diqqət yetirərək, uzunmüddətli qarşılıqlı faydalı əlaqələrin daha da inkişafına sadiq olduqlarını bir daha təsdiqləyiblər.