"Avropa İttifaqı (Aİ) və ABŞ mütərəqqi liberal ideologiya adlanan ideologiyanın təsiri altındadır və onu "qeyri-Qərb dünyasına" təbliğ edəcəklər". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban Sürixdə İsveçrənin mühafizəkar həftəlik "Die Weltwoche" qəzetinin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.

Hökumət başçısı hesab edir ki, Avropa İttifaqının tənəzzül riski var və bunun səbəbləri İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropada kapitalizm və demokratiya prinsiplərini birləşdirə bilmiş xristian-demokrat siyasətindən uzaqlaşmasındadır: "1990-cı ildən sonra mütərəqqi liberal qüvvələr Avropa və Amerikaya nəzarəti ələ keçirdilər və orada öz hakimiyyətlərini qurdular. İndi onlar mütərəqqi liberal prinsipləri qeyri-Qərb dünyasına ixrac edəcəklər".

O, həmçinin qeyd edib ki, Aİ zəiflik nümayiş etdirir: "Çünki o, istər Ukraynada, istərsə də Qərbi Balkanlarda regional münaqişələrin öhdəsindən gələ bilmədiyi kimi, sonrakı genişlənmənin öhdəsindən də gələ bilmir". 

Onun sözlərinə görə, Avropa bu gün özünü idarə etmir, onun dünya ÜDM-dəki payı azalır və 2030-cu ilə qədər Almaniya iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin ilk onluğuna daxil olan yeganə Avropa ölkəsi olacaq və hətta yalnız 10-cu olacaq.

Orban hesab edir ki, Avropa özünü tanımaq qabiliyyətini itirib: "O, öz məqsədlərini müəyyənləşdirə və onlara nail olmaq üçün hansı vasitələrdən istifadə edəcəyinə qərar verə bilmir".

"Avropa öz maraqlarını qorumaq əvəzinə özünü ABŞ-yə zəncirləyir", - deyən Orban bunun Avropa İttifaqı üçün ciddi nəticələrə səbəb olduğunu bildirib: "Bu şəraitdə nəzakətlə strateji suverenlik adlandırılan böyük Qərb ittifaqı çərçivəsində Avropanın müstəqilliyini bərpa etmək və onun müstəqilliyini qoruyub saxlamağın mümkün olub-olmaması böyük sualdır".