Çox sevinirik ki, Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu uğurla keçirildi. Forumda məqsəd Almaniyada fəaliyyət göstərən həkimlərimiz arasında əlaqələri daha da inkişaf etdirməkdir. Eyni zamanda, tibb işçilərinin elmi fəaliyyətlərinin genişləndirilməsi istiqamətində lazımi dəstəyin göstərilməsinin və onların inkişafı imkanlarının müzakirəsi də Forumun gündəmində yer alan əsas məsələlərdən oldu.

Bu sözləri Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev Bonn şəhərində keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.

N.Abdullayev bildirib ki, qarşıda duran əsas hədəflərdən biri də Almaniyada yaşayan Azərbaycanlı Həkimlərin Forumunun əhatə dairəsini gələcəkdə daha da genişləndirərək, bu işə Avropada, daha sonra isə bütün dünyada yaşayan azərbaycanlı həkimləri cəlb etməkdir.

Alyansın sədri, həmçinin Forumun Almaniya-Azərbaycan əlaqələrinin inkişafındakı rolundan da danışıb: "Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi həm də Almaniya-Azərbaycan əlaqələrinin də inkişafına müsbət təsir göstərəcək. Azərbaycanlı həkimlərin Almaniya səhiyyəsinə verdiyi töhfələr danılmazdır. Məhz bu kimi məsələlər iki ölkə arasında münasibətlərin inkişafına təkan verir. Nümunə kimi söyləyə bilərəm ki, Almaniyanın ciddi media qurumlarında Forumdan öncə tədbir və eləcə də azərbaycanlı həkimlər barədə geniş xəbərlərin yayılması Foruma yerli alman ictimaiyyətinin də marağının göstəricisidir".

N.Abdullayev Forumda aparılan müzakirələrdən söz açarkən mühüm bir təklif irəli sürdüyünü də açıqlayıb. Bildirib ki, o, Almaniyada çalışan və elmlə fəal məşğul olan azərbaycanlı həkimlərin Azərbaycanın tibb elminə verə biləcəyi töhfələrdən danışıb və yol xəritəsinin necə ola biləcəyini izah edib. Bundan başqa, o, Azərbaycan Tibb Universiteti ilə də elmi-praktiki əməkdaşlığa hazır olduqlarını da qeyd edib. Eyni zamanda, bu əməkdaşlıqda Azərbaycan Tibb Universitetinin beynəlxalq elmi arenada nüfuzunun artırılması potensialını da vurğulayıb.

Alyansın sədri Almaniyadakı Azərbaycanlı Həkimlər Forumunun ölkəmizin yeni yaradılan Qarabağ Universiteti ilə inkişafı naminə əməkdaşlığa başlanılmasının vacibliyini bildirib və innovativ təkliflə çıxış edib: "Eyni zamanda, hesab edirəm ki, yeni yaradılan Qarabağ Universitetində Tibb fakültəsinin açılması nəzərdə tutularsa, aidiyyəti qurumlar dəstək üçün bizə müraciət edə bilərlər. Biz böyük məmnuniyyətlə bu işə ən yüksək səviyyədə töhfə verə bilərik. Biz bir neçə ay ərzində Qarabağ Universitetini ciddi elmi-tədqiqatlar aparan dünya universitetləri sırasında yer almasına nail ola bilərik. Bunu əminliklə deyirəm, çünki Almaniyada tibb sahəsində kifayət qədər tanınmış şəxslər məhz bizim Forumda iştirak etdilər və bu yolda bizimlə birlikdə davam edirlər. Ümumiyyətlə, düşünürəm ki, bu cür qarşılıqlı əməkdaşlıqlar həm təhsil müəssisələrimizin, həm də ölkəmizin adına böyük uğur gətirər".

Xatırladaq ki, sentyabrın 14-də Bonn şəhərində Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu keçirilib. Almaniya Azərbaycanlıları Alyansının, Almaniyada Azərbaycanlı Həkimlər Forumunun təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Almaniyanın 81 şəhərindən 200 həkim, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər qatılıblar.