Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Operativ Mediaya bildirib ki, bu il ilk - Su çərşənbəsi fevralın 27-nə təsadüf edəcək.

X.Mikayılovun sözlərinə görə, martın 5-də Od çərşənbəsimartın 12-də Yel çərşənbəsi olacaq.

Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.

Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-sidir.

Xatırladaq ki, bu il Azərbaycanda yaz fəsli 20 Mart saat 07:06:21-də başlayır. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli, cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.