Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Lənkəran Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd qurumlararası koordinasiyalı fəaliyyətin daha da təkmilləşdirilməsi, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin gücləndirilməsi olub.

Təlim planına uyğun olaraq xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə baş vermiş yanğını qısa müddətdə söndürüb, həmçinin xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri” təxliyə edərək təxirəsalınmaz ilkin yardım göstərdikdən sonra təcili tibbi yardım briqadasına təhvil veriblər.

Uğurla reallaşdırılan təlimdən sonra nəticələr təhlil olunub və müvafiq tapşırıqlar verilib.