NATO-nun baş katibi Yens Stoltenberq alyansın cənub qonşularına, xüsusən də Yaxın Şərq, Şimali Afrika və Sahel bölgələrinə münasibətini nəzərdən keçirmək üçün müstəqil ekspertlər qrupu yaradır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytında məlumat verilib.

"Bu ilin əvvəlində Vilnüs Sammitində müttəfiqlər NATO-nun cənub qonşuları ilə münasibətləri haqqında dərin düşünməyə başladılar. Məqsəd 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək NATO sammiti üçün konkret təkliflər razılaşdırmaqdır. Gələn ilin aprelində NATO xarici işlər nazirlərinin görüşündən əvvəl baş katibə təqdim olunacaq hesabat hazırlanacaq", - deyə məlumatda bildirilir.

Alyansın məlumatında qeyd edilir ki, hesabat müttəfiqlərə NATO-nun cənub cinahında baş verən hadisələri təhlil etməyə və alyansın gələcək yanaşmasını formalaşdırmaq üçün konkret tövsiyələri müəyyən etməyə kömək etməlidir, o cümlədən tərəfdaş ölkələr, beynəlxalq təşkilatlar və digər aktorlarla gələcək fəaliyyət və əməkdaşlıq imkanlarını qeyd etməlidir.