Moldovanın baş naziri Dorin Recean jurnalistlərlə söhbətində Dnestryanıda növbəti pilotsuz təyyarə hücumunu təxribat adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, Baş nazir bildirib:

"Biz daha bir ümumi təxribatla qarşı-qarşıyayıq, lakin gəlin artıq sabit olan və reallığı dərk edən cəmiyyətin reaksiyasına diqqət edək. Bu təxribatlar artıq çaxnaşma və ya qorxuya səbəb ola bilməz".

Baş nazirin sözlərinə görə, bu təxribat Moldova cəmiyyətində narahatlıq yaratmaq üçün Rusiya Federasiyası tərəfindən dəstəklənir. 

Dnestryanı İstintaq Komitəsinin məlumatına görə, aprelin 5-də pilotsuz təyyarənin hücumu nəticəsində Rıbnitsa vilayətində yerləşən hərbi hissədə göyərtəsində radiolokasiya stansiyası olan ZİL markalı avtomobil zədələnib. Bu fakt əsasında təxribatla bağlı cinayət işi açılıb.