Özbəkistan və Türkiyə prezidentləri Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub, onlar hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hər iki dövlətin rəhbərləri qardaş Özbəkistan və Türkiyə xalqlarına sülh, rifah və firavanlıq arzularını bildiriblər.

"Həmçinin Özbəkistan-Türkiyə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinin cari məsələləri müzakirə edilib", - məlumatda deyilir. 

Söhbət zamanı tərəflər qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın, o cümlədən fəal siyasi dialoqun, ticarət-iqtisadi və investisiya sahələrində artan dinamikanın, habelə mədəni-humanitar mübadilənin artan dinamikasını qeyd ediblər.

"Qarşıdan gələn tədbirlərin qrafikinə, xüsusilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsi məsələsinə baxılıb. Özbəkistan və Türkiyə liderləri regional gündəliyə dair də fikir mübadiləsi aparıblar", - deyə mətbuat xidməti əlavə edib.