Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 5-7-də Rusiyaya rəsmi səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. 

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 5-7-də bu ölkəyə rəsmi səfər edəcək. Proqrama uyğun olaraq, Moskvada iki dövlətin liderləri arasında danışıqlar nəzərdə tutulur. Özbəkistanın baş naziri də Rusiyanın baş naziri Mixail Mişustinlə görüşəcək", - deyə məlumatda bildirilir. 

Qarşıdakı görüşlərin gündəliyinə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi məsələləri daxildir. Mirziyoyevin mətbuat xidməti qeyd edib ki, ilk növbədə ticarət-iqtisadi, investisiya, miqrasiya və humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Özbəkistan prezidentinin rəsmi səfəri proqramına onun Tatarıstana səfəri də daxildir, burada respublikanın rəhbəri Rüstəm Minnixanovla danışıqlar aparılacaq.

Minnixanovun oktyabrın 4-də Kazanda keçirilən Rusiya və Özbəkistan arasında regionlararası əməkdaşlıq forumunun plenar iclasında bildirib ki, bu, Özbəkistan prezidentinin Tatarıstana ilk səfəridir: "Əminəm ki, bu əlamətdar hadisə respublikalarımız arasında əməkdaşlığın inkişafında yeni mərhələ olacaq".