Millət vəkili Qənirə Paşayevanın vaxtsız ölümü ictimaiyyəti sarsıdıb. Onun həm parlamentdə, həm də media sahəsindəki həmkarları öz kədərlərini bölüşüblər. 

İqtisadiyyat.az xəbər verir ki, fikirlərini bölüşənlər sırasında Real TV-nin baş direktoru Mirşahin Ağayev də var. O, ARB TV-nin "Günə doğru" layihəsinin canlı yayımında bu hadisəyə belə şərh verib: 

"Qənirə hamıya yaxşılıq etmək üçün yaranmışdı. Hamının yanında olmağa can atırdı. Belə bir ifadə bilmirəm nə qədər yerində olar, mənə elə gəlir ki, Qənirə Paşayeva hamı üçün yaşadığı kimi, hamı üçün də vəfat etdi. Daha doğrusu hamımızın yerinə vəfat etdi. Hərəmizdən nəsə getdi.. Allah səbr versin". 

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürülüb.