"Keçən dəfə nanəli ayran aldım, sonra içəndə gördüm ki, içərisində nanə yoxdur".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə feysbukdakı məşhur "Albert Eynişeydi" səhifəsi paylaşım edib.
Müəllif qeyd edir ki, bu cür məhsulların tərkibində əgər nanə yoxdursa, üzərində "nanə aromalı" yazmaq lazımdır. Sözügedən statusu olduğu kimi təqdim edirik.

"Keçən dəfə nanəli ayran aldım, sonra içəndə gördüm ki, içərisində NANƏ yoxdur. Dedim bəlkə istehsalatda xəta olub, bu gün marketə gedəndə yenidən baxdım, çəkdim... Nanəli Milla ayranı nanəli deyilmiş, nanə ekstraktlı imiş. Yəni ayranın içərisində nanə yoxdur. Maraq üçün baxdım, başqa ölkələrdə necədir? Məsələn, digər ölkələrdə nanə ekstraktlı ayran satılırsa, üstünə "nanəli" yazılmır, "nanə aromalı", "nanə ekstraktlı" ayran yazılır. Çünki əks halda bu, insanları aldatmaq olardı. Məsələnin həlli bəllidir. Növbəti dəfə Nanə ekstraktlı Milla ayranı alıb ödənişi adi ağ kağızla edəcəm. Çünki pulun da tərkibində kağız var".

Mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, burada qanunvericiliyin pozulması faktı yoxdur:

"Ümumiyyətlə istehsalçılar bütün dünyada mümkün qədər qanunvericiliyin verdiyi imkanlardan maksimum istifadə edir ki, qanunu pozmadan istehlakçını aldatsınlar. Məsələn, ola bilər ki, şirkət məhsul nişanını "nanəli" kimi qeydiyyata aldırsın, amma məhsulun tərkibində nanədən əsər-əlamət olmasın. Yəni qanunvericilik buna icazə verir. Bu metod istehlakçını cəlb etmək üçündür, bir marketinq gedişi kimi qiymətləndirilir. Təəssüf ki, dünyanın bir çox ölkələrində qanunvericiliklərin strukturu biznesin xeyrinə, istehsalçıların lehinə qurulur". 

E.Hüseynov bu məsələdə aidiyyatı qurumun araşdırma aparmalı olduğunu bildirib: "Bu ildən Qida Təhlükəsizliyi Agentliyi məhsulların mal nişanı ilə tərkibinin uyğun olub-olmadığını araşdırır. Bir sıra şirkətlər ifşa edilib. Burada da AQTA-nın 1003 qaynar xəttinə məlumat verilsə, onlar daha dəqiq araşdırma edə bilərlər".