Bunu deputat Fəzail Ağamalı deputatların maaş artımı xəbərindən danışarkən bildirib. O qeyd edib ki, deputat maaşı 3 mindən yuxarı deyil:

“Mən tam məsuliyyətlə deyirəm, burada müavinətli, maaşlı 3 min manatdan yuxarı deyil.  Oxudum ki, İsa Həbibbəyliyə bu barədə sual vermisiniz, 5-6 rəqəmi səslənib. Bəlkə də, onun Elmlər Akademiyasındakı maaşı ilə deputat maaşı bu qədər ola bilər. Ancaq deputat maaşı 3 mindən yuxarı deyil, bilmirəm bu məsələni niyə şişirdirlər. Bu gün hər kəsin, hətta işləməyənlərin də maaşı artırılır. Artırılmalıdır da, çünki bütün Azərbaycan vətəndaşlarının maddi təminatı olmalıdır. Ölkə prezidentinin atdığı addımları çox yüksək qiymətləndirdim, onları alqışladım və bunlar davamlı olacaq. İndi cəmiyyətin hər bir məmurunun, vətəndaşının maaşında artım varsa, Milli Məclisin deputatı niyə kənarda qalmalıdır, mən bu fəlsəfəni, bu yanaşmanı başa bilmirəm. Bu barədə danışanlara sual verin ki, axı, hamınızın maaşı artır, şəraiti yaxşılaşır, Milli Məclisin deputatları ilə bağlı addımın atılmasına nə qəbahət var? Milli Məclis bu proseslərdən kənarda deyil, çünki o da cəmiyyətin bir hissəsidir”.

Deputat  deyib ki, maaşlar 5-10 minə çatdırılsa, buna qətiyyən razı olmaz:

“Əgər Milli Məclis üzvü cəmiyyətin idarə olunması üçün qanunun qəbulu üçün məşğul olursa və onun başqa yerdən gəliri yoxdursa - mən bu cür millət vəkillərini təmsil edirəm -  bunun maaşı adekvat olaraq digər vətəndaşlarımızın maaşı kimi artırılırsa, burda pis nə var? Əgər bizim maaşımız 5-10 minə çatdırılsa, mən ona qətiyyən razı olmaram, bu, ədalətsizlik olardı. Ancaq adekvat olaraq cəmiyyətin bütün təbəqələrinin maaşı artdıqca, deputatların da maaşı müəyyən dərəcədə artırılırsa, buna bizim dəyərli soydaşlarımız anlaşıqlı yanaşmalıdır. Mən çox arzulayıram, bizim vətəndaşlarımızın imkanları o səviyyəyə qalxsın ki, ümumiyyətlə, əmək haqqı barədə biz hər hansı müzakirə aparmayaq, buna ehtiyac duyulmasın”.